Logo

Əllərə qulluq maskaları


Üz dərisinə olduğu kimi, əllərin dərisinə də eyni dərəcədə müntəzəm qulluq etmək - təmizləmək, qidalandırmaq və nəmləndirmək - lazımdır.

Əlləri yalnız ilıq suda yumşaq sabunla yumaq lazımdır. Əlləri soyuq və qaynar su ilə yumaq olmaz. Su əllərin dərisini yağsızlaşdırır və qurudur, ona görə də hər dəfə su ilə təmasda olduqdan sonra əlləri yaxşıca qurutmaq lazımdır. Bədən və üz dərisində olduğu kimi, əllərin dərisində də ölmüş hüceyrələr toplanır, ona görə də həftədə bir dəfədən az olmayaraq vanna və ya duş qəbulundan sonra əllərin dərisini skrabla təmizləmək, sonra isə qidalandırıcı krem vurmaq lazımdır.

Əllərin dərisinin qidalandırılması və nəmləndirilməsində xüsusi əl kremlərindən istifadə olunur. Bu kremlərdən hər dəfə əlləri yuduqdan sonra və mütləq gecə yatmamışdan qabaq istifadə etmək lazımdır. Kremi əl dərisinə əlcəyin geyinməsini xatırladan hərəkətlərlə çəkirlər. Əvvəlcə barmaqların ucundan onların əsasına doğru, sonra ovucun başlanğıcından sonuna doğru vurulur. Vaxtaşırı əllərin dərisini vanna və maskalarla "əzizləmək” lazımdır.

Əllər üçün vannalar

 Bərabər miqdarda olmaqla çobanyastığı, dazıotu, adaçayı, kalendula, bağayarpağı otlarını qarışdırın.

Bu qarışıqdan 4-5 xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su əlavə edin,

10-15 dəqiqə vam odda saxlayın. Əllərinizi ilıq şəkildə olan bu dəmləmənin içərisində 10 dəqiqə saxlayın və bundan dərhal sonra (hələ ki, nəm olan dəriyə) əl üçün yağlı qidalandırıcı krem sürtün.

1 xörək qaşığı nişastanın üzərinə ½ litr ilıq su

 1 xörək qaşığı qatıq əlavə edib yaxşıca qarışdırın.

Əlləri 10 dəqiqə vannada saxlayın, sonra salfetlə qurudub, su ilə yaxalamadan əllərinizə qidalandırıcı krem çəkin.

Əllərin həddən artıq tərləməsi zamanı palıd qabığından hazırlanan dəmləmə yaxşı kömək edir.

3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su əlavə edib

15 dəqiqə vam odda qaynadırlar, sonra süzürlər.

İlıq halda olan dəmləmədə əlləri 10 dəqiqə saxlayır, sonra yaxşıca qurudurlar.Əllərin tərləməsinin qarşısını almaq üçün boymadərən və adaçayı dəmləmələri də məsləhət görülür

(hər otdan 1 xörək qaşığı + 1/2 litr qaynar su).

Əllər üçün maskalar

Əgər əllərin dərisi kobud, quru və çatlamışdırsa, onda yağlı bürünmələr kömək edə bilər.

Əlləri ilıq su ilə yuyur, onları qızdırılmış zeytun yağında isladılmış salfetlə bükür və əlcək geyirlər.

Əlcəklər pambıq və ya yundan ola bilər (sintetik olmamalıdır).

1 saatdan sonra salfetləri açır, yağın qalıqlarını dəriyə sürtürlər, sonra əlləri yumşaq kağız salfetlə silirlər.

Bu proseduradan sonra əlləri yumaq lazım deyil.Əllərinizin dərisini yumşaq və elastik etmək istəyirsinizsə, onlara yatmamışdan qabaq 1 yumurta sarısı və

1 xörək qaşığı baldan hazırlanan qarışıq sürtün.

Orta ölçülü 2 qaynadılmış kartofu əzib qatı horra alınana qədər ilıq südlə qarışdırın.

Əllərinizə bitki yağı vurub alınmış pürenin içərisinə salın.10 dəqiqədən sonra əllərinizi ilıq su ilə yuyun, sonra qidalandırıcı krem vurun.