Logo

Nə geyinəcəyini bilməyənlər üçün möhtəşəm məsləhətlər


Biz qadınların qarderobu nə qədər geniş olursa olsun yenə də geyinməyə bir şey tapmırıq. Çoxumuz səhər işə tələsəndə, dostlarla, sevgili ilə görüşə gedəndə, hansısa tədbirə dəvət alanda bir xeyli götür-qoy edirik. Bu problemi aradan qaldırmaq, qarderob qarşısında boşa vaxt xərcləməmək üçün bu yazını sizin üçün hazırladıq. Nə geyinəcəyini bilməyənlər üçün hiylələr...

Bu hiylələr əsasən qarderobumuzun əsasını təşkil edən, hər bir xanımın qarderobunda olan parçalardan ibarətdir. Sadəcə onlara fərqli kombinlərlə "can” vermək lazımdır. 

Bu qışın favori rəngləri arasında ağ rəng də özünə yer tapıb. Qışda açıq rəngləri geyinə bilmirəm deyirsinizsə bu mövsüm inadkarlığınızı qoyun kənara. Mütləq qarderobunuza ən az bir ədəd ağ rəngli hörgülü sviter (trikotaj materialdan olan sviter də ola bilər) və bir ədəd də ağ rəngli şalvar əlavə edin. Son dövrlər dəb aləmində özünü göstərən açıq rəngli, xüsusilə də, bej rəngli ayaqqabılar da hər bir qadının qarderobunda olmalıdır. Açıq rəngli geyimləri adətən tünd rənglərlə kombin edirlər. Amma bu dəfə siz fərqli kombin edərək görünüşünüzə başqa bir hava qatın. "Look”unuzu isə ağ və ya bej rəngli palto ilə tamamlayın. 
Demək olar ki, idman üslubu geridə qoyduğumuz il daha çox istifadə olundu. Görünür, bu mövsüm də idman üslubuna tez-tez müraciət edəcəyik. Çünki zaman keçdikcə daha çox rahatlığa qaçırıq. Qarderobunuzdakı hər hansı bir boyunsuz sviterin altına ağ köynək geyinsəniz, onu skinny cins və idman tərzli ayaqqabı ilə kombinləsəniz fərqli, bir o qədər də şıq görüntü yaradarsınız. Çantanız isə qola asıla bilən və ya əldə rahat götürülən dəbli model ola bilər.

Dəri qələm ətəklər bir neçə mövsümdür ki, dəbdədir. Demək olar ki də, hər bir qadının qarderobunda tapmaq mümkündür. Belə bir ətəyiniz varsa və onu nə ilə geyinəcəyinizi düşünürsünüzsə bu hiylə sizin üçündür. Dəri ətəyinizi sadə trikotaj materialdan olan sviter və  qara stilettonuz ilə kombinləyə bilərsiniz. Sadə görüntünüzü azca hərəkətli etmək üçün açıq rəngli palto (trençkot da ola bilər) və zərif boyunbağı kifayət edər.

( AzadQadın.az )