Logo

Konfetli sürpriz tort


Yəqin ki, kəsilərkən ortasından rəngarəng konfetlər tökülən sürpriz tortlar görmüsüz. Bu dəfə onu evdə hazırlamağa çalışaq. Konfet kimi m&m’s və ya istənilən drajelərdən istifadə edə bilərsiz.

Ərzaqlar:

Xəmir üçün:
Un – 430 qr.
Kərə yağı – 350 qr.
Şəkər tozu– 400 qr.
Yumurta - 3 ədəd
Yumurta sarısı – 4 ədəd
Qaymaq 10%li - 1,5 st.
Vanilin – 2 ç.q.
Qabartma tozu – 0,5 ç.q.
Soda – ç.q ucunda
Duz – 0,5 ç.q.

Qlazur üçün:

Şokolad – 200 qr.
Qaymaq  35%-li – 150 ml.
Kərə yağı – 50 qr.

Krem üçün:
Qaymaq 33% - 600 ml.
Şəkər tozu – 200 qr.
Su – 50 ml.
Konfet: 2 stəkan

Hazırlanması:

 Qlazuru düzəlt:

Şokolad sındırılıb xırdalanır, üzərinə qaymaq əlavə olunub, zəif odda tam əridilir. Qaynamasına imkan verməyin. (!) Soyuması və özünü tutması üçün 8 saat soyuducuda saxlanılır. Sonra mikserdə yumşalmış kərə yağı ilə birgə yaxşıca çalınır.

Kremi düzəlt:
Şəkər tozu suya qatılıb, bərk odun üzərində əridilir, karamel rəngi alınana kimi 2-3 dəqiqə bişirilir. 300 ml. qaymaq hissə-hissə bu karamelin üzərinə aramla tökülüb, taxta qaşıqla müntəzəm qarışdırılır. Sonra odun üzərindən götürüb, başqa təmiz qaba tökülür, soyudulur, soyuducuda 8 saat saxlanılır. Sonra bu karamelə yerdə qalan qaymağı da əlavə edib, mikserin ən bərk rejimində yüngül, zərif krem alınana kimi çalırsız.

Xəmiri hazırla:
Un, qabartma tozu, duz, soda birlikdə dərin qaba ələnir. Mikserdə kərə yağı 1 dəqiqə çalınır. Bura şəkər əlavə olunub yüksək sürətdə 5 dəqiqə çalınır. Yumurtalar bir-bir əlavə olunur, hər dəfə mikser orta sürətdə çalınır. Sonra yumurta sarıları bir bir əlavə olunur, yenə çalınır. Sonda vanil qatılır. Mikserin sürəti minimuma endirilir, un qarışığını hissə-hissə töküb qarışdırın, ardıyca dərhal qaymağı əlavə edin. Xəmir mikserin zəif gücündə yaxşıca qarışdırılır, 4 bərabər hissəyə bölünür.
Soba üçün formaya yağ sürtüb, un səpin. Xəmir 22 sm. diametrdə yumru şəkildə yayılıb bişirilir. Hər qat ayrıca 175 dərəcədə 25 dəqiqəyə bişməlidir.

Hazır xəmir layları tam soyudulur.

Birinci lay bütöv olur və qoyulur. 2-ci və 3-cü layın ortasında stəkan diametrində yumru kəsilir. Birinci lay qoyulub karamelli krem çəkilir. Üzərindən ortası deşikli lay qoyulur, kremlənir. 3c-ü lay da ortası deşikli olur, kremlənir. Ortadakı çuxura konfetlər tökülür. 4-cü lay xəmir bütov olur. O da qoyulur. Tortun üzəri və yanına şokoladlı qlazur çəkilib örtülür. Tort soyuducuda ən azı 4 saat qalmalıdır. Dərhal kəsmək olmaz. Nuş olsun!