Logo

Dünya ölkələrinin diet sirləri


Düzgün qidalanmanın sirləri

Dünyada nə qədər ölkə varsa, bir o qədər də adət - ənənə mövcuddur. Lakin müxtəlif ölkələrin qadınlarını birləşdirən bir məqam də var: hər zaman formada olmaq arzusu. Artıq çəkidən necə qurtulmaq olar?  Daha dəqiq desək, gözəl bədən quruluşuna sahib olmağın yolları hansılardır?  - bu suallar  cazibəli və baxımlı görünmək istəyən hər bir qadını maraqlandırır. Gözlədiyiniz nəticələri tez bir zamanda əldə etmək üçün müxtəlif ölkələrdə istifadə edilən pəhrizləri diqqətinizə çatdırırıq.

Yaponiyada necə arıqlayırlar
Fransızsayağı arıqlamaq metodu
İtalyansayağı sağlam qidalanma

Hindistanda qidalanma və pəhriz 

Aşağıda oxuyun 

Yaponiyada necə arıqlayırlar

Yaponlar  elə hesab edirlər ki, gözəl bədən quruluşuna sahib olmaq, hər şeydən əvvəl sağlam həyat tərzinin  göstəricisidir. Ona görə də Yaponiyada  insanlar qidanın  miqdarına xüsusilə diqqət yetirirlər. Əsas məsələ - yemək masası arxasından tam doymamış qalxmaqdır. Bu vərdiş yaponlara hər zaman optimal bədən çəkisini saxlamağa kömək edir. Bundan başqa, onlar hesab edirlər ki, az yemək insana sağlamlıq, aydın yuxu və yüksək həyat tonusu verir.

Fransızsayağı arıqlamaq metodu

Əsrlər boyu Şərqdən fərqli olaraq, Fransada incə bədən quruluşuna malik zərif qadınlar ideal sayılırdı. O zamanlardan fransız xanımları gözəl bədən quruluşunu qorumaq üçün  düzgün qidalanma təcrübəsi toplaya bilmişlər.

Fransızlar tez-tez, lakin kiçik porsiyalarla yeməyə adət ediblər. Kiçik porsiyalar maddələr mübadiləsini sürətləndirir və bu zaman kalorilərin çox hissəsi sərf olunmuş olur. Beləliklə, siz gün ərzində 4-5 dəfə kiçlk porsiyalarla qida qəbul etməklə normal bədən quruluşunu qoruyub saxlaya bilərsiniz.

İtalyansayağı sağlam qidalanma

Italiyada sağlam həyat tərzinə fərqli yanaşırlar. Onlar əsasən bitki mənşəli qidalara və tərkibində sellüloza olan məhsullara üstünlük verirlər. Onlar bu fikri əsas götürürlər ki, sellüloza məhz  aclıq hissini azaldır və orqanizmdən son mübadilə məhsullarını çıxarmağa kömək edir. Ona görə də italyan mətbəxində  sellüloza ilə zəngin olan məhsullara daha çox rast gəlmək olar: paxlalılar, taxıl bitkiləri, müxtəlif tərəvəzlər və s.

Hindistanda qidalanma və pəhriz

Induslar Ayurveda prinsiplərini əsas götürərək özünəməxsus şəkildə qidalanırlar. (Ayurveda  - ənənəvi hind tibbi sistemidir) Müqəddəs kitabda yazılanlara riayət edən induslar ciddi tibbi prinsiplərə əsaslanırlar. Burada yazılanlara görə, insan orqanizmi yediyini gün ərzində həzm edir. Ona görə də onlar demək olar ki, heç vaxt şam yeməyi yemirlər. Bu, əslində axşam yeməyindən imtina etməklə düzgün formada qalmağın ən sadə üsullarından biridir.

Dünyada  müxtəlif ölkələr var və hər birinin adət-ənənələri  də fərqlidir. Qidalanma  özü də bir mədəniyyətdir desək, yanılmarıq. Lakin  qeyd etmək lazımdır ki, Yer üzündə ölkələrin, ənənələrin, vərdişlərin rəngarəngliyi fonunda  pəhrizin növündən asılı olmayaraq bir məsələni unutmaq olmaz. Mənsub olduğu irqdən, yaşadığı coğrafi məkandan asılı olmayaraq, insan  hər zaman balanslaşdırılmış qidalanmaya riayət etmək, həddindən artıq yeməmək, gecə vaxtı yeməkdən çəkinmək, çoxlu hərəkət etmək kimi qızıl qaydalara əsaslanmalıdır. O zaman artıq çəkidən azad olmaq daha asan və düzgün yolla olacaq.