Logo

İşgüzar xanımların makiyaj sirləri


İşgüzar qadının makiyajı onun sahibəsinin dəqiqliyindən, nizam-intizamlı, təmkinli və səliqəli olmasından xəbər verməlidir. Ona görə bu cür xanımlar rəng seçimində çox diqqətli olmalıdır. Çox açıq rəng küçədə, açıq havada yaxşı görunsə də otaq şəraitində çox yorucu təsir bağışlayır. Ona görə işgüzar fəaliyyətlə məşğul olan zərif cinsin nümayəndələri mülayim, insana sakitlik gətirən rənglərdən istifadə etsələr yaxşı olar.

TONAL KREM...
Tonal kremin makiyajin necə alınmasında çox böyük rolu var. Tonal krem seçərkən çalışın ki, onun tərkibindəki suyun miqdarı yüksək olsun. Çünki belə tərkibli krem dəriyə asanca hopur. Eyni zamanda, dəridə əlave qalın qat kim göze çarpmır. Bununla yanaşı, dərini nəmləndirir. Tonal krem seçərkən dəriyə təbiilik və sağlam görkəm vermək üçün açıq çəhrayı rəngə üstünlük verməyiniz məsləhətdir.

KIRŞAN (PUDRA)...
Kirşanın (pudra) isə şəffaf rəngə yaxın olan tonunu seçsəniz yaxşı olar. Çünki belə tonlar dərinin rəngini dəyişdirmir, eyni zamanda onu zərif və hamar göstərir.

ƏNLİK...
Ənlik seçimi də makiyajda önəmli rol oynayır. Maraqlıdır ki, vizajistlər işgüzar xanımlara ənliyi qızılı-qəhvəyi rəngdə olan kirşanla əvəz etməyi tövsiyə edirlər. Ənlik kimi istifadə edəcəyiniz kirşanı yanaq sümüklərinizə çəkin və bu, sizin sifətinizdə gündən təbii olaraq qaralmış effekti verəcək. Açıq dərili xanımların çəhrayı, dərisi bir qədər tünd olanların açıq qəhvəyi, sarıya bənzər siması olanların parlaq çəhrayı, tünd dərili olanların isə tünd çəhrayı ənlikdən istifadə etmələri məsləhətdir.

DODAQ BOYASI...
Dodaq boyası da makiyajda çox böyük faktordur. Vizajistlər işgüzar obraz yaratmaq istəyən xanımlara dodaq boyasının əvəzinə parıltılı boyalardan istifadəni tövsiyə edirlər. Belə ki, parıltılı boyalar dodaqlara baxımlı görünüş verir. Bundan başqa dodaqların təbii şəffaflığı makiyajda çox dəbdədir.

GÖZ QƏLƏMİ, TUŞ...
Gözlərə gəldikdə isə işgüzar xanımın gözləri ifadəli olmalıdır. Göz qapaqlarının üzərinə açıq göz kölgəsi, yuxarı hissələrinə isə bir qədər tündünü çəkin. Egər lətafətli görünmək istəyirsinizsə kipriklərinizə qara tuş, qaşlarınıza da eyni rəngli qələm çəkməklə makiyajınızı bitirə bilərsiniz.

SİFƏTDƏKİ QÜSURLAR...
 Amma o da məlumdur ki, sifətdəki qüsurlar makiyaj zamanı sizlərə problem yarada bilər. Məsələn sızanağı heç bir qadın sevmir. Sizanağı gizlətməyin üsulunu sizlərin diqqətinə təqdim edirik. Bunun üçün duz sizanağın üzərinə cüzi miqdarda tonal krem çəkin. Sonra toz şəklində olan kirşanla onu ört-basdır etməyə çalışın. Düzdür, bu üsulla sizanağın tamamilə görünməməsinə nail olmaq mümkün deyil, ancaq sızanağı yalnız tonal kremlə görünməz etməkdənsə, bu üsul daha effektlidir. Çünki, tonal kremi qalın qatla çəkdikdə sifətdə diqqəti çox cəlb edir. Həm də bu halda sızanaqda iltihab prosesi daha güclü gedə bilər.

QIRIŞLAR...
Xırda qırışlar da makiyaj edərkən xanımların əhvalına mənfi təsir edir. Xırda qırışların görünməsinin qarşısını nisbətən almaq mümkündür. Bunun üçün sifətinizə çəkəcəyiniz tonal kremdən bir qədər götürüb istənilən nəmləndirici kremlə qarışdırın. Bundan sonra bu qarışığı sifətinizə çəkə bilərsiniz. Daha sonra kirşan (pudra) çəkin. Qırışların görunməsinin qarşısını almaq üçün digər üsul da var. Sifətinizi makiyaj etməzdən öncə üzünüzə bolluca nəmləndirici krem çəkin. Əlləriniz vasitəsilə kremi sifətinizə yaxşıca hopmasına çalışın. Bundan 5 dəqiqə sonra tonal krem çəkə bilərsiniz.