Logo

Saçlara qulluq - bir neçə sirr və məsləhət


Gözəl və sağlam saçlar həmişə diqqəti cəlb edir və bir qadının özünü cazibədar və gözəl hiss etməsinə imkan verir. Çox vaxt qəşəng saç təbiətdən hədiyyə deyil, evdə düzgün və müntəzəm saça  qulluq nəticəsində olur. Hətta ən möhtəşəm saçlar belə düzgün qulluq və baxım olmasa quru və cansız görsənə bilər.

Düzgün, gündəlik qayğı olmadıqda, bəzən istifadə olunan heç bir müalicəvi saç maskası istənilən təsirə malik olmayacaq. Saçlarınızı qalın və sağlam şəkildə uzatmaq istəyirsinizsə mu məqalədə işinizə yarayacaq məsləhətlər var. Ən sadə üsullardan biri saçların yuyulmasıdır. Soruşa bilərsiniz ki, burada çətin nə var ki? Saçlarınızı şampunladınız, duruladınız və siz hazırsınız. Əslində burada da bir neçə incə məqam var.

İlk öncə saçlarınıza ən uyğun şampunu seçməlisiniz. Hərdən görürük ki, yuduqdan sonra saçlar nazikləşir, sönür və ya paltara dəydiyi zaman elektriklənir. Mən bunu düzgün şampun seçilməməsinə bağlayıram. Şampunu dəyişin və saçlarınız yenidən parlaq və həcmli olacaq. Son zamanlar professional seriyadan olan şampunlar satışda təqdim olunur, onlar digərlərindən qiymət olaraq çox fərqlənmir, ancaq keyfiyyətləri daha üstün olur. Hətta saçlarınızı uşaq şampunu ilə yusanız, çox təəcüblü olsa da saçlarınız bu yumadan sonra yumşaq olacaq və gec yağlanacaq. Bəlkə bunun səbəbi uşaq şampunlarının tərkibində, adi şampunlarda olduğundan daha az kimyəvi qatqı olmasıdır.

İkincisi şampunla yuduqdan sonra saçlarınıza balzam və ya kondisioner vurun, bu zaman saçlarınız yumşaq olacaq və daha rahat daranacaq. Ancaq bu məhsulu da doğru seçmək lazımdır. Qətiyyən balzamı diblərdən başlayaraq bütün saçınıza vurmayın o zaman saçlarınız yağlanacaq, ortasından ucuna qədər olsa kifayyət edər.

Üçüncüsü saçlarınızı qaynar su ilə yumayın, bu saçlara zərər vuracaq və onların tökülməsinə səbəb olacaq. Nisbətən isti su ilə yuyun və sonda soyuq su ilə yaxalayın. Bu saçların dibini düzəldir və təbii parlaqlıq verir. Yuduqdan sonra saçlarınızın daha həcmli görsənməsini istəyirsinizsə gicitgən suyu ilə yaxalaya bilərsiniz.

Ev şəraitində saçlara qulluq üçün daha bir məsləhət - bu zərərlərin azalması üçün məlumatdır. Termo biqudi, saç düzləşdirici və s. bu kimi vasitələrdən istifadə etməyin və ya istifadəsini azaldın. Hətta fendən belə istifadəsi məsləhət görünmür və onlar təbii yolla qurusalar daha yaxşıdır. Düzdür bu vaxt aparır, ancaq sağlamlıq və gözəllik daha vacibdir. Əgər siz həyatınızı fensiz təsəvvür etmirsinizsə, o zaman daha ilıq hava ilə qurudun. Bir  çox satılan fenlərdə soyuq hava funksiyası var. Fen alarkən buna diqqət edin. Termo biqudiləri papilotlarla əvəz edin. Onlar uzun cizgi şəklində, yumşaq elastik materialdan içində teli olur. Belə biqudilərin diametri dəyişir. Buruqları nə qədər böyük istəyirsinizsə, biqudilərin diametrini ona uyğun seçin. Saçınızı dolayın və bükün, bu qədər sadə. Bir az nəmləsəniz daha yaxşı tutacaq. Əgər buruqların uzun müddət qalmağını istəyirsinizsə, o zaman su yerinə muz və ya köpükdən istifadə edin. Saç düzləşdirici və bənzər alətlərdən istifadə edəcəksinizsə saçlarınıza müdafiə üçün sprey vurun. Bu vasitə saçı yüksək dərəcədən qoruyur və alətə yapışmır.

Daraqlar və saç aksesuarları

Darağın düzgün seçilməsi çox vacibdir. Daraq metaldan olmamalıdır, bu zaman həm saçlarınız həm dəriniz zərər görə bilər. Bundan əlavə metal daraqlar saçların elektriklənməsinə səbəb olacaq.  Taxtadan və ya təbii tüklərdən olan keyfiyyətli fırça seçin. Plastik daraqlar da uyğundur. Saçları uclardan daramağa başlayın, tədricən yuxarı qalxın. Çox dolaşmış saçlarda fırçanı təkrar-təkrar aparmayın bu zaman saçlarda saç qıran əmələ gələcək. Əlinizlə saçlarınızı açmağa çalışın və daha sonra darayın. Qətiyyən yaş saçları daramaq olmaz, onlar darağa ilişir və dartılır. Bu zaman saçın strukturu dəyişir, kökləri zədələnir və qırılır. Rezin seçərkən də diqqətli olun. Sərt və dar aksesuarlar da saçlara ziyan vuraraq tökülməsinə səbəb olacaq.

Saç uclarının kəsilməsi

Uzun saçı sevməyinizə baxmayaraq, mütəmadi olaraq saç ucları kəsilməlidir, bu çox vacib prosedurdur. Çünki ən çox uc hissələr paltara sürtülür, daranır və iqlim şəraitindən zərər görür. Üç aydan bir saç uclarının kəsilməsi məsləhətdir. Kəsildikdən sonra saçlar daha gur və canlı görsənir.

Saçların sərt iqlim şəraitindən qorunması da çox vacibdir

Əgər evdə və ya küləkli havada  küçədəsinizsə ən yaxşı saçınızı yığmaq ya da hörməkdir. Qış vaxtı saçlarınızı papağın və ya kapüşonun altında gizlətməyiniz məsləhətdir, bu zaman saçlarınız qorunacaq və ani dərəcə dəyişikliyindən zərər görməyəcək.

Yayda isə günəşdən qorusanız yaxşı olar. Bunun üçün ya baş aksesuarı ya da xüsusi qoruyucu spreydən istifadə edin.

Düzgün qidalanma

Düzgün qidalanma saçlara qulluq zamanı çox vacib elementdir. Sağlam qidalanma nəinki sağlam saçların, eləcə də enerjili həyatın, gəncliyin və ümumilikdə bütün bədənin zəmanətidir. Saçların sağlam olması üçün bütün qida qruplarından istifadə etmək lazımdır - taxıl, paxla, süd məhsulları, təzə meyvə və tərəvəz, ət, balıq, şirələr. Un , şirniyyat, acı və qızardılmış qidalardan az istifadə edin, alkaqol və siqaretdən isə imtina edin. Hər gün yetərincə təmiz su için.

Müalicəvi və qidalandırıcı maskalar

Maskaların saçlara xeyrindən danışmasaq olmaz.  Hər dəfə saçları yuduqdan sonra maskadan istifadə etməyiniz məsləhətdir. Professional maskalara alternativ xalq təbabətindən istifadə etmək daha yaxşıdır. Belə maskalar saçları sağıam və güclü edir.

Kefir maskalaı həm əl çatan həm də asandır. Yumazdan əvvəl bir qədər isidilmiş kefiri saçlarınıza çəkin və 40 dəqiqə saxlayın.

Daha sonra şampunla yuyun. Belə prosedurdan sonra saçlar daha yumşaq olur.  Belə maskalar quru saçlar üçün daha uyğundur, kefir saçları qidalandırır və nəmləndirir.

Daha bir maska – ballı. Bal ən yaxşı kosmetik vasitələrdən biri hesab edilir, çünki onun tərkibində çoxlu vitamin və minerallar var. Ballı maskalar saçlara olduğu kimi bədən və üz dərisinə də uyğundur. Ballı maskalar kəpək və tökülmənin qarşısını alır. 2 stol qaşığı bal, 2 stol qaşığı gənəgərçək yağı, 2 stol pıtırqan yağı(repeynoe) və bir yumurta sarını qatarq maskanı hazırlaya bilərsiniz. Maskanı saçınıza çəkin və yarım saat saxlayın , sonra şampunla yuyun. Bu cür maskanı 2-3 aylıq kursla edin, bu zaman effektini daha yaxşı görəcəksiniz.

Sadaladığımız maskalar ev şəraitində saçlarınıza yaxşı qulluq edəcək. Ancaq hər birimizin saç növü fərqli olduğu üçün, kiminsə xoşuna gəlməyə bilər. Bir neçəsini sınadıqdan sonra xoşunuza gələni seçin və müntəzəm olaraq istifadə edin. Daha sonra maskaları dəyişdirin, çünki saçlar maskalara alışdığı zaman effekti azalır.

Gündəlik qulluq saçlara həssas yanaşmadır. Əgər yuxarıda sadalanan məsləhətləri diqqətə alsanız, görəcəksiniz ki, bu iş o qədər də çətin deyil. Doğru şampun seçin, rahat saçınızı yolmayan aksesuarlardan istifadə edin və qidalandırıcı maskalardan vaxt aşırı istifadə etməyə çalışın. Nəticədə saçlarınız sağlam, parlaq, güclü görünüşə görə sizə minətdar olacaq. Unutmayın ki, qadınların gözəlliyi sadəcə xarici görünüşdən gəlmir. Daxili güc və özünə əminlik də çox vacibdir.