Logo

Laqman


Laqman orta Asiyaya aid bir yeməkdir. Bu yeməyi müxtəlif xalqlar özünə məxsus şəkildə və fərqli reseptlərlə hazırlayırlar. Əsasən qazaxstan, əfqan, tacik, uyğur, özbək mətbəxlərində yer alır. Yeməyin əsasında evdə hazırlanmış uzun əriştə, ət və müxtəlif tərəvəzlər durur. Laqman – “dartılmış xəmir” kimi tərcümə olunur. Bu postda sizi klassik laqman resepti ilə tanış edəcəyəm.

Laqman resepti

Lazım olan ərzaqlar:

  • 500 q sümüsüz mal əti
  • 3 ədəd rəngli bibər
  • 2 ədəd kartof
  • 1 ədəd böyük kök
  • 1 baş soğan
  • 2 diş sarımsaq
  • 1 x.q. tomat pastası və ya 3 ədəd pomidor
  • duz
  • istiot
  • 1 x.q. cirə
  • 1 x.q. paprika
  • bitki yağı
  • keşniş
  • şüyüd

Əriştə xəmiri üçün:

  • 2 stəkan un
  • 100 ml su
  • 1 ç.q. duz
  • 1 yumurta

Ət nazik, uzun şəkildə doğranır və yağda bir qədər qızardılır. Sonra üzərinə nazik yarım halqa şəklində doğranmış soğan əlavə olunur və qovrulur.

Kök, bibərlər, kartof həmçinin nazik və uzun şəkildə doğranır.

Tərəvəzlər növbə ilə – kök, kartof, bibərlər əlavə olunur. Bir az qovrulur. Əzilmiş sarımsaq, tomat patası və ya pomidor və ədviyyatlar vurulur, qarışdırılır. Üzərinə 1.5 stəkan su əlavə olunub, 30 dəqiqə orta odda, qapağı bağlı şəkildə bişirilir.

Əriştə üçün xəmir yoğrulur. Bunun üçün un, yumurta, su və duz elastik xəmir alınana qədər qarışdırılır.

Xəmir 0.5 sm qalınlıqda yayılır və 1 sm enlikdə uzun hissələr kəsilir.

Bu uzun hissələr ələ bitki yağı sürtməklə iki ovuc arasında sürtülür və naxik, uzun formaya salınır. Bir böyük boşqaba yağ çəkilir və əriştələr dairəvi formada yığlır. üzəri yenə bir az yağlanır.

Qazanda su qaynadılır, duz və 2 x.q. bitki yağı əlavə olunur, daha sonra əriştə bir-br suya salınıb qaynadılır. 5-7 dəqiqə qaynadıqdan sonra suyu süzülür. Boşqaba qoyub, üzərinə hazır olan ətli tərəvəzli hissə əlavə olunur və xırda doğranmı. göyərti səpilir.

Nuş olsun!