Logo

Çevrilmiş Şaftalı Piroqu


Bu şaftalı piroqunun özəlliyi ondadır ki, şaftalılar piroqun altına düzülür, bişdikdən sonra isə piroq tərsinə çevrilir. Ona görə belə piroqlara “çevrilmiş” (upside down) piroqlar deyilir. Meyvələr altda şəkər tozu və kərə yağı ilə birlikdə bişdiyi üçün xüsusi ətir və ləzzətə malik olur. Bir sözlə, hazırlayıb özünüz dadına baxmalısınız.ə

Lazım olan ərzaqlar:

  • 50 qr kərə yağı
  • 1/2 stəkan qəhvəyi şəkər tozu (ağ ilə əvəz etmək də olar)
  • 3 ədəd şaftalı
  • 1 + 1/4 stəkan un
  • 1 çay qaşığı qabartma tozu
  • 1/4 çay qaşığı duz
  • 100 qr kərə yağı
  • 3/4 stəkan şəkər tozu
  • 1 ədəd yumurta
  • 1/2 stəkan süd

50 qr kərə yağını piroqu bişirəcəyiniz qaba qoyub sobada əridin. Üzərinə 1/2 stəkan qəhvəyi və ya ağ şəkər tozu töküb qarışdırın.

Bu qarışımı qabın dibinə bərabər şəkildə yayın.

Şaftalıları çəyirdəyindən ayırıb, nazik dilimlər şəklində doğrayıb şəkərli qarışımın üzərindən düzün.

Piroqun xəmiri üçün bir qabda un, qabartma tozu, duzu qarışdırıb kənara qoyun.

Başqa bir qabda yumşaq 100 qr kərə yağını mikserlə ağarana qədər çırpın. Üzərinə şəkər tozunu əlavə edib qarışdırın. Daha sonra yumurta və vanil əlavə edib mikserlə qarışdırın.

Daha sonra unlu qarışımı əlavə edib mikserin aşağı sürətində qarışdırın. Südü də əlavə edib qatın. Hazırladığınız xəmiri şaftalıların üzərinə töküb bərabər şəkildə yayın.

180 dərəcəli isidilmiş sobada 45 dəqiqə bişirin. Hazır olduğunu çöp ilə yoxlayın.

Piroq 5-10 dəqiqə öz qabında soyuduqdan sonra qabdan çıxarıb tam soyudun və süfrəyə verin.

Nuş olsun!